Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində, xüsusilə də AB massivində Qartalın heykəlinin yanından Kərpic Zavodina gedən yolun sol kənarında salınmış şam və küknar ağaclarından ibarət yaşıl örtük göz oxşayır, qəsəbəyə xüsusi gözəllik verirdi. Son illərdə həmin ərazi baxımsız qalıb Üstəlik, alaq otları vurulmadığından, hər il adıçəkilən ərazi yandırılır, çoxlu sayda ağac tələf olur. Qeyd edək ki, sözügedən ərazidə yanğın hadisəsi tədricən baş verir. Yenə də həmin ərazidə bir neçə yerdə yanğın hadisəsi baş verib.
“Həftə içi”nin əməkdaşı olaraq yolumuzu həmin ünvandan saldıq. Şir heykəlinə yaxın olan ərazidə, AB Yaşayış Sahəsi, Abbas Fətəliyev küçəsi, 8 blokdan ibarət 129 saylı binanın arxa həyətində asfalt yoluna qədər böyük bir sahə yandırılıb, nə qədər ağaca ziyan dəyib. 135 A saylı binanın arxa tərəfində isə yanğın daha çox ərazini əhatə edib, xeyli miqdarda ağac və kol bitkiləri yanaraq tələf olub. Sıx şam və küknar ağaclarından ibarət olan sahə isə tamamilə yandırılıb. Yanmış və yerə yıxılmış ağaclar, hətta ərazidə qalıb. Qeyd edim ki, həmin binanın ətrafı da natəmizlik içindədir. Məişət və tikinti materiallarının tullantılarına kimi ağacların dibinə atıblar. Digər ərazilərdə də yanmış sahə var idi.
Sakinlər bildirdilər ki, sözügedən əraziyə 68 saylı Mənzil Kommunal İstismar Sahəsi nəzarət edir: “MKİS-nin işçiləri tərəfindən ərazi nə alaq otlarından təmizlənir, nə də onlara su verilir. Bu səbəbdən də ərazi yandırılır. Hər il ərazini alaq otlarından təmizləmək əvəzinə, od vurub yandırırlar. Qartal heykəlinin yanından 24 saylı Birləşmiş Şəhər Xəstəxanasına qədər yolboyu ucu-bucağı görünməyən böyük ərazini əhatə edən küknar və şam ağaclarından ibarət yaşıl zolaq, sanki meşəliyi xatırladırdı. Yayda yaşıllıq əraziyə sərinlik gətirir, təmiz hava yaradır. Digər tərəfdən, ağaclar Asfalt Zavodunun ərazisindən gələn tozun qarşısını alırdı. İndi isə həmin yaşıllıqdan əsər-əlamət belə qalmayıb. İki gün bundan öncə gəlib ərazini yandırdılar. Alov binanın yuxarı mərtəbələrinə kimi qalxırdı. Yanğınsöndürənlər özlərini vaxtında çatdırmasaydılar, ərazidə bir dənə də olsun yaşıl ağac qalmayacaqdı, hətta ətraf binalar da yana bilərdi”.
Sakinlər dedilər ki, bu gün də yanğın hadisəsi baş verib. Axşam saat 9 radələrində ərazi məlum olmayan adamlar tərəfindən yandırılır. Aidiyyəti qurumlar gəlib maraqlanmırlar: “Heç olmasa, gəlib ərazini təmizləmirlər, suvarmırlar ki, ağaclar tamamilə qurumasın. Yanmayan ərazilərdə alaq otları dizə çıxır. Əgər belə getsə, bir tədbir görülməsə, təmizlik işləri aparılmasa, qurumuş otlar vurulmasa, yerdə qalan ərazini də yanğın təhlükəsi gözləyə bilər. Bu irilikdə ərazi yanıb, aidiyyəti qurumlar, eləcə də ekologiyamıza nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndəliyi maraqlanıb, bir tədbir görmürlər”.
Məsələ ilə bağlı 68 saylı Mənzil Kommunal İstismar Sahəsinə getdik. MKİS-in rəisi Mehbalı müəllim bu barədə məlumatı olduğunu bildirdi. Rəisin sözünə görə, hətta polisə kimi məlumat verilib.
Qaraçuxur Qəsəbə Nümayəndəliyindən yanğınla bağlı onlara məlumat daxil olmadığını söylədilər.